11 Nov 2021
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq müavini Metyu Brayzanın “Report”a müsahibəsi.
- Budəfəki səfərinizin məqsədi haqqında oxucularımıza qısaca məlumat verə bilərsinizmi?
- Səfərimin əsas səbəbi Azərbaycanın kənd təsərrüfatı sektorunda görülən son işlər, xüsusilə də kənd təsərrüfatı istehsalının həcmini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq ölkədə ixtira edilmiş yeni və innovativ məhsullar haqqında daha çox məlumat əldə etməkdir. ABŞ-ın Azərbaycandakı səfiri olarkən Azərbaycanda kənd təsərrüfatı sektorunun dirçəldilməsi və genişləndirilməsi istiqamətində səy göstərirdim. Bu sahə neft və təbii qazın hasilatına başlamazdan əvvəl Azərbaycan cəmiyyətinin əsas elementi olmuşdur.
- Necə düşünürsünüz, İkinci Qarabağ müharibəsində qələbə ölkənin aqrar sektorunun inkişafına necə təsir göstərib? Həmçinin digər sahələr üzrə hansı dəyişikliklərin baş verməsi ilə bağlı gözləntiləriniz var?
- Əvvəllər işğal altında olan əzəli Azərbaycan ərazilərinin bərpası SSRİ dövründə istifadə edilən texnologiyalar əvəzinə, daha səmərəli və “yaşıl” texnologiyalardan istifadə hesabına ölkənin kənd təsərrüfatı sektorunun genişləndirilməsi üçün böyük imkanlar yaradır. Azərbaycanın xəbər portallarının oxucusu olaraq, bitkilər üçün gübrələrin, ziyanvericilərə qarşı müdafiə vasitələrinin istehsalı, şoranlaşmış torpaq tipləri ilə mübarizə üzrə yenilikçi üsullar təklif edən yeni "AZCHEMCO" şirkəti haqqında məlumat əldə etdim. Qarabağ və ətraf rayonlar da daxil olmaqla Azərbaycan ərazilərində bu sağlam kənd təsərrüfatı üsullarından istifadə edilə bilməsi sevindiricidir. "AZCHEMCO" şirkətinin ofisində olarkən aldığım məlumat xeyli xoş təəssürat oyatdı. Şirkətin “Drip-Drop 369” və suda həll olunan NPK gübrələri kimi məhsulları nəinki Azərbaycanın aqrar sektoruna öz töhfəsini verəcək, həm də ixrac vasitəsilə ölkə iqtisadiyyatına xeyli faydalı olacaq.
Azərbaycanın iqtisadiyyatının digər sahələrinə gəlincə, İqtisadiyyat Nazirliyinin azad edilmiş rayonlarda təşkil edilmiş sənaye və xüsusi iqtisadi zonaların yaradılması üzərində necə fəal iş apardığını müşahidə edirəm. Füzulidəki yeni beynəlxalq hava limanı Ağdam, Xocavənd, Cəbrayıl, Zəngilan və Şuşaya, həmçinin Füzulinin özünə investisiyaların cəlb edilməsi və iqtisadi inkişafın stimullaşdırılması üçün nəqliyyat qovşağına çevriləcək. Tezliklə Laçındakı digər hava limanı Kəlbəcər, Qubadlı və Laçın üçün eyni funksiyanı yerinə yetirəcək. Eyni zamanda Araz çayı vadisi boyunca tikinti və logistika mərkəzləri, həmçinin bir sıra istehlak və sənaye məhsulları üzrə istehsal mərkəzləri yaradılacaq.
Eyni zamanda bu ilin yanvar ayında Azərbaycan və Türkmənistan arasında “Dostluq” neft-qaz yatağının birgə işlənməsi haqqında imzalanmış saziş həm iqtisadi inkişaf, həm də Böyük Xəzər regionunun regional və Avropa bazarları ilə inteqrasiyası üçün yenin imkanlar yaradır. Ümid edirik ki, bu təbii qazın bir hissəsi son nəticədə Qarabağın sənaye zonalarına, həmçinin Xəzər dənizindən başlayaraq Azərbaycanın mərkəzi hissəsindən, daha sonra isə Ermənistanın Sünik rayonunda yerləşən Zəngəzur dəhlizindən keçməklə Naxçıvana çatdırılacaq. Belə bir layihə yeni iş yerlərinin yaradılmasına və iqtisadi artıma səbəb olmaqla, İkinci Qarabağ müharibəsinin yaralarını “sağalda” bilər.
Hesab edirəm ki, bu mərhələ Azərbaycanda biznesin inkişafı baxımından çox maraqlı olacaq.
Link: https://report.az/