ETSN ilə "AZCHEMCO" MMC COP29 ərəfəsində hazırlığın yeni mərhələsinə keçir 08 Ağu 2024

ETSN ilə "AZCHEMCO" MMC COP29 ərəfəsində hazırlığın yeni mərhələsinə keçir

ETSN ilə AZCHEMCO MMC COP29 ərəfəsində hazırlığın yeni mərhələsinə keçir
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə "AZCHEMCO" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) birgə hazırladığı innovativ layihə COP29 ərəfəsində öz hazırlığının yeni mərhələsinə qədəm qoyur.

Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti ilə "AZCHEMCO" MMC şoran torpaqların bərpası və onun kənd təsərrüfatı üçün yararlı etmək mərhələsinə keçib.

"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC ilə "AZCHEMCO" MMC arasında əməkdaşlıq haqqında Memorandum imzalandıqdan sonra hər iki qurumun nümayəndələrinin iştirakı ilə Azərbaycanın regionlarına səfərlər həyata keçirilib, şoran torpaqlardan nümunə götürülməsi üçün yerlər müəyyən edilib.

Tədqiqatların nəticələrinə əsasən, tərəflər Ağdaş rayonu ərazisində yer seçib, oradan "AzeLab" və "Intertek" laboratoriyalarının mütəxəssislərinin nəzarəti altında şoran torpaqlardan nümunələr götürülüb.

"Torpaqlar 30 sm, 60 sm və 90 sm dərinlikdən götürülüb. Daha sonra seçdiyimiz torpaqlardan nümunə götürmə dərinliklərinə uyğun olaraq xüsusi hazırlanmış qurğuya yerləşdirdik və damcı suvarma ilə "Drip-Drop 369" aqrokimyəvi təchizatı sistemini işə saldıq. Gələcəkdə torpağın bərpası və pH-ın tənzimlənməsindən sonra şirkətimizdən maye və suda həll olunan gübrələr eyni kanallarla tədarük ediləcək", - deyə MMC-nin vitse-prezidenti Rifat Sultanzadə söyləyib.

"AZCHEMCO" MMC-nin mütəxəssislərinin sözlərinə görə, bu mərhələdə qurğuda olan torpaq "Drip-Drop 369" məhsulu ilə tamamilə təmizlənib.

Qeyd olunub ki, torpağın tərkibini dəyişmək məqsədilə götürülən nümunələr onun üzərində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün hazırlanan tədbirlər planı üçün zəruridir.

Xatırladaq ki, şoran torpaqların əkin sahələrinə çevrilməsi kənd təsərrüfatının iqlim dəyişikliyinə təsirini azaltmağa kömək edəcək. "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC ilə "AZCHEMCO" MMC-nin birgə hazırladığı bu innovativ layihənin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında(COP29) təqdim edilməsi planlaşdırılır.

Link: https://oxu.az/