Aclığın aradan qaldırılmasına doğru: Torpağın bərpası üzrə inqilabi layihə 11 Nov 2024

Aclığın aradan qaldırılmasına doğru: Torpağın bərpası üzrə inqilabi layihə

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının Yaşıl Zonada AZCHEMCO şirkətinin pavilyonu
 

Azərbaycanda torpağın təqribən 30%-i şoran vəziyyətdədir ki, bu da həmin torpaqlarda əkin-biçin işlərinin aparılmasını qeyri-mümkün edir. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə AZCHEMCO arasında əməkdaşlıq sayəsində bu problemin inqilabi həlli tapılıb.

AZCHEMCO-nun direktoru Ruslan Akçurin Oxu.Az-a yeni üsulun effektivliyindən danışıb.

O bildirib ki, yeni elementlərlə işlənmiş torpaqda şoranlıq azalır və turşuluq uyğun vəziyyətə gətirilir.

Müəssisə, həmçinin uzunmüddətli - 12-15 ilədək yararlı olan yeraltı damcılı suvarma sistemindən də istifadə edir. Sistem əkilən bitkilərin köklərinin dərinliyinə uyğun səviyyədə quraşdırılır ki, bu da torpağın optimal nəmliyini təmin edir.

AZCHEMCO şirkətinin direktoru Ruslan Akçurin
 

"Şoran torpaqların problemi ondan ibarətdir ki, onlar yüksək buxarlanmaya səbəb olur və rütubətin udulmasına mane olur ki, bu da iqlimə mənfi təsir göstərir. Bu problem qlobal səviyyədə geniş yayılıb və onu qumlu torpaq problemi ilə qarışdırmaq olmaz", - Akçurin bildirib.

AZCHEMCO-nun direktoru xatırladıb ki, BMT-nin davamlı inkişaf məqsədlərindən biri aclığa son qoymaqdır.

"Şoran torpaqları bərpa etməklə siz əkin sahələrinin sayını artırırsınız, beləliklə, ondan əldə etdiyiniz kənd təsərrüfatı məhsullarının həcmi artır", - deyə Ruslan Akçurin qeyd edib.

AZCHEMCO artıq bu layihəni müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən Dubayda keçirilən EXPO2020 sərgisində təqdim edib.

"Azərbaycanda bu problemi aradan qaldırdıqdan sonra ölkəmiz gələcəkdə bizim şirkətlə birlikdə təcrübəni ehtiyacı olan digər ölkələrə də ötürə bilər", - Ruslan Akçurin vurğulayıb.

Bu gün Azərbaycan nümayiş etdirir ki, respublikada dünyaya ciddi problemlərdən birinin - torpağın şoranlığının öhdəsindən gəlməyə kömək edə biləcək innovativ həllər var.

Link: https://oxu.az/