Azərbaycan şirkətləri ilk dəfə olaraq Böyük Britaniya parlamentində təqdim olunub 03 Feb 2023

Azərbaycan şirkətləri ilk dəfə olaraq Böyük Britaniya parlamentində təqdim olunub

Azərbaycan şirkətləri ilk dəfə olaraq Böyük Britaniya parlamentində təqdim olunub
 

Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Vinterburnlu Emma Nikolson və Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin dəstəyi ilə Britaniya parlamentinin Aşağı Palatasında AZƏRBAZALT Elmi-İstehsalat Birliyi və AZCHEMCO şirkətinin təqdimatına həsr olunmuş tədbir təşkil edilib.

"Report" xəbər verir ki, tədbirdə şirkətlərin Azərbaycanda həyata keçirdiyi innovativ layihələr, eləcə də layihələrin inkişaf coğrafiyasının Qərbə doğru genişləndirilməsi planları təqdim olunub.

Tədbirdə Azərbaycan və Türkmənistanın respublikalarının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliklərinin nümayəndə heyətləri, Böyük Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatasının həmsədri və direktoru biri, "Rapid Solutions" şirkətinin regional direktoru Hovard Lin, “The British-Kazakh Society”nin sədri Rupert Qudman, “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri Alik Aydarbayev, «P&O Maritime» şirkətinin inkişaf üzrə direktoru Radostin Popov, МАСЕ qlobal konsaltinq və tikinti şirkətinin nümayəndə heyəti, Böyük Britaniyanın ən böyük hüquq şirkəti olan “Freeths” şirkətinin nümayəndələri, Böyük Britaniyanın ən böyük bankı olan HSBC-nin nümayəndələri, “Iraq Britain Business Council”ın icraçı direktoru Kristof Miekels, Bristol Universiteti yanında Milli Kompozitlər Mərkəzinin nümayəndələri və bir çox digər şəxslər iştirak ediblər.

Xatırladaq ki, AZƏRBAZALT ilə AZCHEMCO arasında əməkdaşlığın əsası ötən ilin noyabrında Memorandumun imzalanması ilə qoyulub. Şirkətlər bazalt tozunun həll edilməsi, ondan maye gübrə kimi və günəş radiasiyasının təsirini azaltmaq, eləcə də bina daxilində istilik ötürməsini təmin etmək üçün binaların fasadının rənglənməsində istifadə olunan və enerji xərclərinin azaldılmasına kömək edən inqrediyent kimi istifadə edilməsi üzrə birgə layihələr üzərində fəal işləyirlər. Bazaltın təbii xüsusiyyətləri də bu layihələrin həyta keçirilməsinə öz töhfəsini verir.

2022-ci ilin sentyabrında AZƏRBAZALT MMC Elmi-İstehsalat Birliyi Göygöl rayonunda 10,8 hektar ərazisi olan Çaykənd bazalt yatağının istismarı üzrə tenderin qalibi olub.

AZCHEMCO MMC ölkədə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə əsaslanaraq dəstəklənməsi, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, ərzaq məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması, ölkədə gübrələrin və bitki mühafizə vasitələrinin istehsalı, eləcə də onlardan düzgün istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması sahələrində layihələr həyata keçirir. Ötən il şirkət EXPO 2020 çərçivəsində öz layihələrini Dubaydakı Azərbaycan pavilyonunda və Vaşinqtonda keçirilən CAMCA forumunda təqdim edib.

Qeyd edək ki, AZƏRBAZALT-ın təsisçisi Rafət Əliyev, AZƏRBAZALT-ın Böyük Britaniyadakı nümayəndəliyinin direktoru Devid Miller, ABŞ-da isə Səid Sadıxovdur. AZCHEMCO MMC-nin direktoru Ruslan Akçurindir.

Link: https://report.az/