“AZCHEMCO” və Abşeron Təcrübə Stansiyasının əməkdaşlığı ilə hazırlanmış yeni dövlət standartı qəbul edilib 20 May 2023

“AZCHEMCO” və Abşeron Təcrübə Stansiyasının əməkdaşlığı ilə hazırlanmış yeni dövlət standartı qəbul edilib

“AZCHEMCO” və Abşeron Təcrübə Stansiyasının əməkdaşlığı ilə hazırlanmış yeni dövlət standartı qəbul edilib
 

Azərbaycanda “AZCHEMCO” MMC və Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Texniki Bitkiləri Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının (ATS) əməkdaşlığı ilə hazırlanmış yeni dövlət standartı qəbul edilib.

Bununla bağlı stansiyanın direktoru, aqrar elmlər doktoru Cəbrayıl Ağayev "Report"un suallarını cavablandırıb:

- Cəbrayıl müəllim, ideya necə yarandı və sizi bu layihədə iştirak etməyə nə sövq etdi?

- Azərbaycanda istehsal edilən məhsulların keyfiyyətinin yüksəldilməsi və davamlı inkişafının təmin edilməsində və beynəlxalq standartların tələblərinə cavab verən məhsulların çeşidlərinin artırılması qarşıya qoyulmuş prioritet vəzifələrdəndir. Bu sahədə elmi tədqiqat müəssisələri ilə özəl istehsal sahələrinin birgə əməkdaşlığının genişləndirilməsi çərçivəsində bitki sağlamlığı vasitələri istehsalı ilə məşğul olan “AZCHEMCO” şirkəti ilə ATS-nin birgə çalışmaları ilə AZS 932:2023 “Gübrələr-Maye” standartının layihəsi hazırlanıb.

Bizim üçün qürurvericidir ki, standart layihəsini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşma İnstitutu 23 aprel 2023-cü il tarixdə AZSTAND/Q-16/2023 saylı qərarı ilə dövlət standartı kimi təsdiq edib və standartlaşma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib. Standart layihəsinin hazırlanmasında, ekspertizasında və qəbul edilməsində əməyi olan tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk.

- Stansiyada tədqiqatların aparılması prinsipləri və ölkənin özəl sektorunun nümayəndəsi olan “AZCHEMCO” şirkəti ilə əməkdaşlıq barədə məlumat verə bilərsinizmi?

- ATS 1930-cu ildə yaradılıb, Azərbaycanda ilk bitki mühafizəsi elmi müəssisəsidir. “Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin standartlaşdırılması üzrə Texniki Komitə”nin sədri olaraq ölkədə sahənin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə normativ tənzimləmə sənədlərinin hazırlanması ilə də məşğul oluruq.

Azərbaycanda gübrəyə olan təlabatın ödənilməsində daxili istehsalın təşkil edilməsi prioritetlərdən hesab edilir. “AZCHEMCO” şirkətinin bu sahədə planları ilə tanış olduqdan sonra şirkətin fəaliyyətinə elmi əsaslandırılmış üsullarla kömək etmək arzusunda olduğumuzu bildirdik. Təklif müsbət qiymətləndirildi və artıq 2 ilə yaxın bir zamandır ki, yaxından əməkdaşlıq edirik.

“AZCHEMCO” şirkətində istesal edilməsi nəzərdə tutulan gübrələrin ilkin sınaq nümunələri ATS-nin ərazisində tarla sınaq təcrübələrində sınaqdan keçirilir. Gübrələrin səmərəliliyi ATS-nin təcrübə-nümayiş sahəsində yüksək ixtisaslı alim və mütəxəssislərin icraçılığı ilə yerinə yetirilir. Gübrələrin müxtəlif məsarif normaları açıq və örtülü şəraitdə becərilən bitkilər üzərində tətbiq edilərək sınaqdan keçirilir. Sınaq təcrübələrinin nəticələri əsasında gübrələrin tətbiqi reqlamentləri təyin edilir. Geniş təsərrüfat təcrübələrində isə optimal məsarif normalarının səmərəliliyi dəqiqləşdirilir. Əldə olunmuş nəticələrdən sonra gübrələrin tətbiqi üzrə məsləhətlər hazırlanır.

Azərbaycanda açıq və örtülü sahələrdə becərilən kənd təsərrüfatı bitkilərinin, bəzək bağçılığnda istifadə edilən bitkilərin qida elementləri ilə təminatının yüksəldilməsində “AZCHEMCO”nun istehsal etdiyi gübrələrin tezliklə istehsalçıların təlabatının ödənilməsində və idxalın qismən aradan qaldırılmasında mühüm rolunun olacağına əminliyimizi bildiririk.

- Bu il mayın 5-də “Qida məhsullarının təhlükəsizliyi haqqında” 523-VIQ nömrəli qanunda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin Qərarı verildi. Siz edilən dəyişikliklər haqqında nə düşünürsünüz?

- İlk növbədə onu bildirmək istəyirəm ki, sənəddə kənd təsərrüfatında aqrokimyəvi vasitələrdən istifadəyə yanaşmada strateji dəyişikliklər, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə olunan aqrokimyəvi maddələrə daha ciddi nəzarətin təmin edilməsi qəbul edilib. Heç kimə sirr deyil ki, kənd təsərrüfatında aqrokimyəvi maddələrdən istifadənin yanlış metodologiyası və onların keyfiyyətinin tələb olunan səviyyədə olmaması ölkənin əsəs istehsal vasitəsi olan torpağın strukturunda ciddi problemlər yaradır, qida məhsullarının tərkibində pestisidlərin və aqrokimyəvi maddələrin izafi toplanması milli genofonda sağalmaz ziyan vura bilər. Mən bu qərarı tam dəstəkləyirəm, çünki əminəm ki, yüksək keyfiyyətli aqrokimyəvi maddələrdən istifadə etməklə məhsul yetişdirilməsinin innovativ üsullarının tətbiqi nəinki ölkənin bu sahəsinin intensiv inkişafına təsir göstərəcək, həm də Azərbaycan xalqını tərkibində kimyəvi iz olan keyfiyyətsiz qida məhsullarının istehlakından qoruyacaq.

Link: https://report.az/